SUSAN KAMAN

Ədalət Vəzirov – 65
Ədalətin sənətini sevən, ifasını həmişə böyük maraqla dinləyən bir dostu kimi deyə bilərəm ki, Ədalət korifey sənətkar idi. Əsl sənət fədaisi, hər zaman öz kaman ifası ilə qəlblərə sərinlik gətirən, musiqiləri ilə qəlbimizdə yaşayan, vaxtsız dünyadan köçən sevimli kaman ustadı, respublikanın əməkdar artisti Ədalət Səfərəli oğlu Vəzirovun 65 yaşı tamam olur. Ömrünün 65-ci baharının təntənəsində yolunu gözlədiyimiz, ancaq gəlib çıxmayan, xatirələr gözləməklə, sənəti, şəxsiyyəti haqqında fikirlər söyləməklə yad etdiyimiz, ruhuna dua oxuduğumuz Ədalət Vəzirov…
Respublikamızın ən tanınmış xanəndələri, müğənniləri Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, İslam Rzayev, Simarə İmanova, Mələkxanım Əyyubova, Zabit Nəbizadə və bir çox başqaları onun müşaiyəti ilə oxumuşlar.
Mənim Ədalətlə çox gözəl, şəxsi dostluq münasibətlərim olub. Söhbətlərimiz zamanı Ədalət həmişə musiqimizdən söz açardı, muğamlarımızın yaşaması üçün çox çalışardı, yad ifalara qarşı barışmaz mövqe tutardı. Tərəf müqabilləri, onun yaxın dostları, xalq artistləri Ağasəlim Abdullayev, Zamiq Əliyev, Firuz Əliyev olmuşdur. Onlar indi də Ədalətlə olan çıxışlarını qürur hissi ilə xatırlayırlar. Tələbələri Elnur Əhmədov, Xəyyam Məmmədov, Səlim Abbasov və başqaları dəfələrlə Ə.Vəzirovun adını yüksəklərə ucaltmışlar.
Ədalət Səfərəli oğlu Vəzirov 1951-ci il aprelin 27-də Bakıda, tanınmış qarmon ifaçısı Səfərəli Vəzirovun ailəsində dünyaya göz açmışdır. Hələ uşaqlıqdan xalq musiqisinə böyük maraq göstərmiş, əvvəlcə Bakının 6 saylı uşaq musiqi məktəbinə, 1963-cü ildə isə Bül-bül adına orta ixtisas musiqi məktəbinin kamança sinfinə daxil olur. O, burada məşhur kaman ifaçısı, təcrübəli pedaqoq Elman Bədəlovdan dərs alır. 1969-cu ildə Bül-bül adına orta ixtisas musiqi məktəbini bitirib, sənədlərini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına verərək tələbə adını qazanır. Tələbə ikən Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində, 6 saylı uşaq musiqi məktəbində pedaqoji işlə yanaşı Azərbaycan Konsert Birliyində, xalq artisti, dünya şöhrətli müğənnimiz Zeynəb Xanlarovanın ansamblında solist kimi fəaliyyətə başlamışdır. 1974-cü ildə Konservatoriyanı bitirən 23 yaşlı Ədalət Vəzirov sənət aləmində artıq öz dəsti – xətti ilə, ifaçılıq məharəti ilə seçilir və sevilirdi.
Bakı Musiqi Akademiyasının dosenti kimi Ədalət müəllim öz ixtisası sahəsində elmi-metodiki işlə də mütəmadi məşğul olurdu. O, kamança sənətinin tədrisi ilə bağlı dəyərli elmi əhəmiyyətli müxtəlif metodiki tövsiyələrin, rəylərin, işləmələrin, köçürmələrin müəllifidir. Bunlardan Zakir Bağırovun, Hacı Xanməmmədovun kamança ilə simfonuk orkestr üçün konsertlərin ifasına dair metodiki tövsiyyələri, bakalavr dərəcəsi alanlar üçün ixtisas və muğam proqramını və başqalarını misal göstərmək olar.
Bundan başqa, uşaq musiqi məktəblərində, musiqi texnikumlarında açıq – nümunəvi dərslərin keçirilməsi, sinif konsertlərinin, solo çıxışların təşkili kimi əyani metodiki işlər də Ədalət müəllimin pedaqoji fəaliyyətinin əsas qayəsini təşkil edirdi.
Ədalət Vəzirovun yaradıcı fəaliyyəti həm muğam üçlüyü ilə, həm simfonik orkestr ilə solo ifaçılığı və həm də pedaqoji fəaliyyəti ilə çox yüksəklərdə idi.
Ə.Vəzirov dünyanın qırxdan çox ölkəsində solo, muğam üçlüyü və ansamblın təkibində möhtəşəm konsertlər vermiş və uğurlu nailiyyətlər qazanmışdır. ABŞ, Kanada, İspaniya, Yaponiya, Almaniya, İran, Türkiyə, Fransa, Hollandiya, Tunis, Əlcəzair, Avstraliya, Gürcüstan, Rusiya, Özbəkistan və s. kimi ölkələrdə dəfələrlə konsert proqramı ilə çıxış etmiş, Azərbaycan musiqisini təmsil edərək uğurlu nailiyyətlər qazanmışdır.
1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri” adı altında keçirilən muğam simpoziumunda xanəndə Simarə İmanova və xalq artisti, görkəmli tarzən Zamiq Əliyevlə birlikdə ən yüksək mükafat olan “QRAN PRİ” mükafatına layiq görülmüşdür.
Onu da qeyd edim ki, əməkdar artist Ədalət Vəzirovun pedoqoji fəaliyyəti sayəsində bir neçə kaman ifaçısı yetişmişdir ki, bunlardan biri də əməkdar artist, tanınmış kaman ifaçısı Elnur Əhmədovdur.
1997-ci ildən Türkiyənin “TEKFEN” Qaradəniz Filarmoniyasının orkestrində Azərbaycan musiqisini öz solo ifası ilə təmsil edən ilk azərbaycanlı kaman ifaçısı məhz Ədalət Vəzirov olmuş, həmin orkestrdə Hacı Xanməmmədovun və Zakir Bağırovun “Kamança və simfonik orkestr üçün konsert”-ini dəfələrlə Türkiyənin ən möhtəşəm konsert salonlarında yüksək ifaçılıq məharəti ilə milyonlara sevdirmişdir. Hər il həmin orkestr ilə konsert proqramında iştirak edən Ə.Vəzirov 2002-ci ildə həmin orkestrin 10 illiyinin qeyd olunması ilə əlaqədar möhtəşəm konsert proqramında iştirak etmək üçün Türkiyəyə getmiş və bu, onun son səfəri olmuşdur. Ədalət Vəzirov 2002-ci il oktyabrın 5-də 51 yaşında İstanbul şəhərində qəfil infarkt keçirmiş və dünyasını dəyişmişdir.
Hər dəfə musiqidən söz düşəndə Ədalət müəllim yada düşür, xatırlanır.
Respublikanın əməkdar artisti, məşhur kaman ifaçısı Ədalət Vəzirovun əziz xatirəsi daim qəlbimizdə yaşayır və yaşayacaqdır. Allah rəhmət eləsin! Ruhu şad olsun!