“Ana” şeirinə 101 ildən sonra bəstələnmiş mahnı və klipin təqdimatı keçirildi

“Ana” şeirinə 101 ildən sonra bəstələnmiş mahnı və klipin təqdimatı keçirildi

“Beynəlxalq Mətbuat Mərkəzi” ində ölməz dramaturqumuz Cəfər Cabbarlının 1916 -ci ildə qələmə aldığı məşhur “Ana” şeirinə bəstlənmiş eyni adlı mahnı ilə klipin təqdimatı keçirilib. Tədbiri Cəfər Cabbarlı ev muzeyinin direktoru, dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı açaraq “Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin layihəsi əsasında bəstələnmiş mahnı ilə klip barədə geniş və ətraflı məlumat verdi. Təqdimatın aparıcısı, professor Vüqar Əhməd şeirə çəkilmiş klipin araya-ərsəyə gəlməsində xalq artisti Alim Qasımova, həmçinin tanınmış bəstəkar Elçin İmanova və bütün yaradıcı heyətə təşəkkürünü bildirdi.  

      “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov çıxış edərək Cəfər Cabbarlının qızı Gülarə xanıma səmimi salamlarını çatdırmağı ailə üzvülərindən xahiş etdi. Rəhbəri olduğu “Cabir Novruz” Mədəniyyət Fondunun gördüyü məqsədyönlü işlər barədə qısa məlumat verdi. Sonra isə sözügedən “Ana” əsərinin təkrarız ifaçısı Alim Qasımovun müğam dünyamızdakı xidmətlərindən ürək dolusu söz açdı. Müğamımızı dünya xalqlarının dilində onlara çatdıran ustad xanəndəyə “Cabir Novruz” Mədəniyyət Fondu adından qiymətli hədiyyə və xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” kitabını təqdim etdi.  

Günay Novruz