Bahar oğlu

 

Seyfəddin Dağlı – 95

 

Mənalı ömür yolu keçmiş Seyfəddin Dağlının həyatı ədəbi-elmi mühitlə, mətbuat və mədəniyyət aləmi ilə, habelə ictimai-siyasi həyatla sıx bağlı olmuşdur. Seyfəddin Əliağa oğlu Abbasov – Dağlı 1921-ci il avqustun 21-də Xızı rayonunda anadan olmuşdur. Bakı şəhəri 2 №-li yeddiillik  məktəbi və N.Nərimanov adına Sənaye Texnikumunu bitirmiş, sonra isə Sovet ordusu sıralarında Böyük Vətən Müharibəsində iştirak etmişdir.

Ədəbi fəaliyyətə qəzetçiliklə başlamış, hərbi jurnalist kimi 1944-1946-cı illərdə Təbrizdə nəşr olunan «Vətən yolunda» adlı qırmızı əsgər qəzeti ilə əməkdaşlıq etmişdir.

Həmin illərdə Cənubi Azərbaycanda müşahidə etdiyi həyat lövhələri əsasında yazdığı roman və hekayələri sonralar Bakıda «Məşəl» 1950-ci ilin, «Gəcil qapısı» 1968-ci il kitablarında nəşr etdirmişdir. Seyfəddin Dağlı 1953-1956-cı illərdə Moskva Ali Hərbi Siyasi Akademiyasının müdavimi olmuşdur. 1956-1959-cu illərdə ilk yaranan Azərbaycan Televiziyasının baş redaktoru və sədr müavini vəzifəsinədək yüksəlmişdir. O, 1959-1976-cı illərdə «Kirpi» jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. Müəllifin ilk qələmə aldığı «Dəniz kəşfiyyatçısı» kiçik həcmli kitabı məşhur neftçi Yusif Səfərovun həyatına həsr olunmuşdur. Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş «Bahar oğlu» (1978-ci il) romanı da onun qələminin məhsuludur. Eyni zamanda o, rus yazıçısı Bronislav Nuşiçin «Öz bioqrafiyam» əsərini və «Nazirin xanımı» komediyasını Azərbaycan dilinə tərcümə etmişdir.

Seyfəddin Dağlı kiçik satirik hekayələrin məharətli ustası idi. Sağlığında 20-dən çox kitabı işıq üzü görmüşdür. Onun tənqid gülüş hədəfləri zəmanəmizin eybəcər sifətləridir. O yumorda zəriflik, incəlik axtarırdı. Satiranı təhqirə, həcvə çevirənləri də sevmirdi. O «Kirpi» jurnalında işləyəndə ondan dönə-dönə eşitdiyimiz bir söz vardı. «Felyetonunuzu mənə təqdim etməmişdən qabaq bir dəfə də kənar adam kimi oxuyun. Özünüzü tənqid olanın yerində təsəvvür edin». Təsadüfi deyil ki, böyük rəssam, karikaturaçı Nəcəfqulu bu hekayələrdəki tiplərin təsvirini məharətlə yaradırdı, qələm dostlarının obrazlarını daha da rəngarəng edirdi. 62 il ömür sürən yazıçının əsərləri bu gün də diqqət mərkəzindədir. Onun «Adı sənin, dadı mənim» (1970-ci il), «Sabiqlər» (1957-ci il), «Təzə gəlin» (1967-ci il), «Mənziliniz mübarək» (1969-cu il), «Göyçək oğlan» (1965-ci il) və s. əsərləri musiqili komediya teatrında səhnəyə qoyulmuşdur. Yazıçının «Təzə gəlin», «Oyun bitdi» komediyaları və başqa dram əsərləri təkcə Azərbaycanda deyil, Sovet İttifaqının başqa respublikalarında da tamaşaya qoyulmuşdur.  Böyük satirik Əziz Nesinə ithaf olunmuş «Türkiyə novellaları»nın müəllifi gülməyin yerini bilən yumoristik Seyfəddin Dağlıdır. O Əziz Nesin ilə Türkiyəyə səfəri zamanı görüşmüş və möhkəm dostlaşmışdılar. Sonra Əziz Nesin iki dəfə Bakıda olmuş, «Kirpi» jurnalının redaksiyasında, Cəfər Cabbarlının evində adı Əziz olan əziz qonağın başına yığışmışdılar. Əziz Nesin İstanbulda Seyfəddin müəllimlə necə görüşdükləri barədə danışarkən demişdir:

– «Seyfəddin bəy ömrümdə gördüyüm ilk azərbaycanlı idi. Dost olduq və mən bütün Azərbaycana vuruldum. Bizləri şirin zarafat, ciddi yumor dostlaşdırmışdı. Seyfəddin müəllimin yumoru şit-şit hırıltı ilə, lağlağa ilə bayağılığa çevirənlərdən zəhləsi gedərdi. O, bəzən belə hallarla rastlaşana əsəbləşirdi». Pyesləri ilə bərabər nəsr əsərləri də qardaş sovet xalqlarının dillərinə və əcnəbi dillərə tərcümə olunmuşdur.

Bakının ən əzəmətli küçələrindən biri Seyfəddin Dağlının adını daşıyır. Hər dəfə bu küçə ilə gedəndə Seyfəddin müəllimi xatırlayıram və ötən illərə nəzər salaraq o anları yaşayıram. O xatirəli günlər heç vaxt yaddaşımdan silinməyəcək.

Seyfəddin Dağlı 1978-1982 –ci illərdə Cəfər Cabbarlı adına Azərbaycanfilm kino studiyasında redaktor vəzifəsində çalışmış və ömrünün sonuna kimi bu işdə işləmişdir.

Yazıçı-dramaturq Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də 62 yaşında dünyasını dəyişmiş, Bakıda dəfn edilmişdir. Anadan olmasının 95 illiyi münasibətilə Seyfəddin Dağlının məzarı ziyarət olunmuş, məzarı önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Seyfəddin Dağlı satirik əsərləri ilə qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.