“Tələsin, insanlar əldən tutmağa”

“Tələsin, insanlar əldən tutmağa”

“Cabir Novruz”Mədəniyyət Fondu və Siyəzən rayonu Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin təşkilatçılığı ilə rayon məktəbləri arasında xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş
“Tələsin,insanlar əldən tutmağa” adlı Bədii qiraət şeir müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Tədbirə təşrif buyuran “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və idarə heyətinin üzvlərini məktəbin qarşısında şagirdlər gül-çiçək və şərbətlə qarşıladılar.
Rayonda fəaliyyət göstərən 6 tam orta məktəb şagirdləri məktəbin həyətində Cabir Novruz şeirlərindən və sözlərinə yazılmış mahnılardan ibarət ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəbin heyətində ucalan ölməz dramaturqumuz Cəfər Cabbarlının abidəsi önününə gül dəstələri düzdülər. Məktəbdə keçirilən tədbiri Siyəzən rayon 1 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim, şair “Cabir Novruz” Mədəniyyət Fondunun vitse prezidenti Nəcməddin Mürvətov gələn qonaqları salamlayaraq sözü “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanova verdi. Fondun prezidenti çıxış edərək Cabir Novruz şeirlərindən ibarət belə bir tədbirin hazırlanmasında əməyi olanlara öz minnətdarlığını bildirdi. Məktəbin direktoru N.Mürvətov Bədii qiraət şeir müsabiqəsinin münsiflərini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “ İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri professor, əməkdar bədən tərbiyəsi və İdman xadimi, AMİNA-nın prezidenti Xanlar Qurbanovu, əməkdar jurnalist Qafar Əsgərzadəni, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlunu, Azərbaycan jurnalistlər birliyinin üzvü, fondun mətbuat katibi Elşad Qasımovu, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Fondun təsisçisi Müşfiq Cabiroğlunu təqdim etdi. Final mərhələsində Siyəzən rayonundan 20 şagird iştirak edirdi. Şagirdlər xalq şairi Cabir Novruzun şeirlərindən seçmələr ifa etdilər. Münsiflər heyətinin qərarına əsasən I yerin qalibi və II və III-cü yerlərin mükafatçılarına “Cabir Novruz” Mədəniyyət Fondunun diplomlarını və həmçinin tədbirin aparıcısına Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” kitabını fondun prezidenti, professor Cavanşir Qurbanov təqdim etdi. AMİNA-nın prezidenti Xanlar Qurbanov öz adından ədibin xatirəsinə həsr olunacaq mini-futbol turnirinin qaliblərinə veriləcək kuboku məktəbin direktoru Nəcməddin Mürvətova verdi.
Tədbir boyu gənc və istedadlı müğənni Çinarə Məlikzadənin ifasında Cabir Novruzun sözlərinə yazılmış mahnılar səsləndi. Sonda xatirə şəkili çəkildi.

Fondun Mətbuat xidmətinin rəhbəri Elşad Dağlı

 

 

gunay novruz