Qəlblərin qəlbi

Qəlblərin qəlbi

 

Dəyərli həkim, əsl ziyalı Fərhad Heydər oğlu Məmmədov 1948-ci il fevral ayının 5-də Bakı şəhərində anadan olub.
Ölməz dramaturqumuz Cəfər Cabbarlı adına 161 nömrəli orta məktəbi 1966-cı ildə qızıl medalla bitirən Fərhad gələcəkdə ürək həkimi olmaq arzusu ilə Tibb İnstitutuna daxil olur. Təhsil illərində Fərhad ilk növbədə nizam intizamı, zəngin intelekti, tükənməz bacarığı ilə digər tələbələrdən seçilir. Bütün bu amillər Fərhadın həkim kimi formalaşmasına, Qəlblərin qəlbi olmaq istəyinə gətirir, ürək həkimi ixtisasına yiyələnir. 1972-ci ildə Tibb İnstitutunu qırmızı diplomla başa vuran gənc həkim Fərhad Məmmədov Almanya Demokratik Respublikasında həkim kimi fəaliyyət göstərir. Qürbətdə işləyən Fərhad Məmmədov həkim olaraq zəngin təcrübə toplayır. Bir müddətdən sonra vətənə dönən Fərhad Məmmədov Semaşko (indiki Kliniki Tibb Mərkəzi) sıravi həkimlikdən Baş həkimin müavini vəzifəsinə qədər yüksəlir. O, hal-hazırda Kliniki Tibb Mərkəzinin terapiya şöbəsində ürək həkimi kimi çalışır. Tanınmış loğman Fərhad Məmmədovdan söhbət düşəndə iş yoldaşı, həkim Südabə Babayeva həmkarının böyük insanlığından, gələcək həkimlərə qayğısından, xəstələrə nəvaziş göstərməsindən ürək dolusu danışır.
Fərhad müəllim insan qəlbinin tərcümanı olmaqla yanaşı, şeirə, sözə, müsiqiyə bağlı şəxsiyyətdir. Asudə vaxtlarında Mikayıl Müşfiqin, Cabir Novruzun şeirlərini sevə-sevə oxuyur. Vaxtıilə məktəbdə sinif yoldaşları olmuş Əməkdar artist Razi Şükürovun, unudulmaz müğənni Hüseynağa Hadıyevin səslərinə tez-tez qulaq asır.
Bu gün Azərbaycanın Əməkdar həkimi, görkəmli təbib Fərhad Heydər oğlu Məmmədovun 70 yaşı tamam olur. Bu əlamətdar hadisə münasibətilə “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti Cavanşir Qurbanovun adından əvəzsiz loğmanı təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti arzulayırıq.

Hörmətlə,
“Cabir Novruz”
Mədəniyyət Fondunun
prezidenti Cavanşir Qurbanov

gunay novruz