“Tələsin, insanlar əldən tutmağa”

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və “Cabir Novruz” Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Tələsin, insanlar əldən tutmağa” adlı ədəbi-bədii gecə 12 mart 2018-ci ildə Azədbaycan Dövlət Filarmoniyasında keçirilmişdir.

Tədbir başlamazdan əvvəl foyedə və səhnədə qonaqlar “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladıqları banerlərə, möhtəşəm gül çələnginə maraqla baxdılar, həmçinin ölməz Rəşid Behbudovun ifasında “Tələsin, insanlar” mahnısını dinlədilər.
Ədəbi-bədii gecə “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladığı “Sağlığında qiymət verin insanlara” klipinin nümayişi ilə başladı.
Tədbirin aparıcısı, Əməkdar artist Azad Şükürov qonaqları salamladıqdan sonra Xalq şairi Cabir Novruzun həyat və yaradıcılığı barədə qısa məlumat verərək görkəmli söz ustasının Ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi poemadan
“Heydər Əliyev deyəndə,
Doğma məmləkət böyüyür.
misralarını, eyni zamanda Ümümmilli lider Heydər Əliyevin Xalq şairi barədə “ Cabir Novruz gözəl şair, dəyərli insandır” müdrik fikrini xüsüsi vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Xalq şairinin “Seçilmiş əsərləri”nin 1 cildliyinin nəşr edilməsinin, xatirəsini əbədiləşdirərək doğulduğu Xızı rayonunun Sitalçay qəsəbəsində adına məktəb verilməsini yaşadığı binaya xatirə lövhəsinin vurulmasını ön plana çəkdi.
Şairin məşhur “Tələsin insanlar, gecikin insanlar” şeirini Bakı şəhəri 6 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Cavanşir Qurbanov özünəməxsus şəkildə əzbərdən söylədi.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Cabir Novruzla iş yoldaşı olduğundan qürür duyduğunu, xalq tərəfindən necə sevildiyini, əsl insana xas olan keyfiyyətlərindən danişdı.
Gecədə Bədii rəhbər, Əməkdar artist Taryel Abbasov olmaqla müğənniləri Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşaiyət edirdi.
Milli Məclisin deputatı Elmira Axundova Xalq şairi Cabir Novruzun vətəndaşlıq mövqeyindən, millət vəkili kimi səmərəli fəaliyyətindən, iş yoldaşı olaraq qadınlara həssas münasibətindən, dövlətimiz tərəfindən sağlığında qiymətləndirilməsindən söz açdı.

Tədbirdə Xalq artistiləri Zaur Rzayev “Cavanlığım”, Heydər Anatollu “Yaşayır insan”, əməkdar artist Mətanət İsgəndərli “Bulaq suyu, dağ havası”, Beynəlxalq müsabiqələr laureatı Əli Muradov “Bakının qızları”, müğənni Şəhla Həmidova “ Məhəbbət” mahnılarını Oqtay Kazıminin bəstəsində ifa etdilər.
Abbasqulu Nəcəfzadənin şairin sözlərinə bəstələdiyi “Qaragözlüm” mahnısını, unudulmaz sənətkar Ağaxan Abdullayevə həsr etdiyi qəzəli ustad xanəndə Mirməmməd Mircavadov tarda Məhərrəm və Abbasqulu Nəcəfzadələr, balabanda Mirağa Murtuzayevin müşaiyətində oxudu.
Xalq artisti Əminə Yusifqızı “Gecikmiş məhəbbət”, Əməkdar artist Hüsniyyə Mürvətova “Sən elə bir vaxtda rast gəldin mənə”, İrəvan Dövlət Teatrının aktirisası Zülfiyyə Eldarqızı “ Azərbaycanı sevin, sevin Azərbaycanı” şeirlərini ifa etdilər.
Tədbirdə şairin səsində “Tələbəlik illəri”, “Qoruyun məni, “İnana bilmirəm” şeirləri, “Kaş millətdə ruh yaşasın” klipi, “Şair” video-çarx təqdim olundu.
Şairin övladı Müşfiq Cabiroğlu belə bir möhtəşəm tədbirin təşkil olunmasında müstəsna xidmətlər göstərmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə və “Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti Cavanşir Qurbanova Xalq şairi Cabir Novruzun ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını ifadə etdi.
Sonda dahi sənətkarımız Rəşid Behbudovun ifasında “Tələsin, insanlar” mahnısı qonaqlar tərəfindən ayaqüstə alqışlarla qarşılandı.