Ölməz şairimiz Mikayıl Müşfiqin abidəsinin açılışı olmuşdur

 

Yasamal rayonundakı 18 saylı tam orta məktəbin həyətində Mikayıl Müşfiqin abidəsinin açılışı olmuşdur. Tədbiri 18 saylı tam orta məktəbin direktoru Rəna Süleymanova açdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamı ilə XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli romantik şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi respublikada böyük təntənə ilə qeyd edilib. Ölkəmizdə Müşfiq sənətinə, şəxsiyyətinə ümumxalq məhəbbəti, daim dövlət qayğısı vardır. Respulikamızın müxtəlif guşələrində yubiley tədbiri keçirilir, şairin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Buna əyani misal olaraq bu gün məktəbimizin həyətində ölməz şairin abidəsi qoyulmuşdur. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şairə, şöhrət ordenli Ofelya Babayeva, əməkdar jurnalist Qafar Əsgərzadə çıxış etdilər. Mikayıl Müşfiqin yaxın qohumu Vahab İsmayılzadə abidənin açılışında əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi. Abidə “Cabir Novruz” Mədəniyyət Fondu tərəfindən 18 saylı tam orta məktəbə hədiyyə edilmişdir. 18 saylı məktəbin şagirdlərinin ifasında Mikayıl Müşfiqin şeirlərindən parçalar söyləmiş, kompozisiya hazırlamışlar.
Mikayıl Müşfiqin abidəsinin müəllifi heykəltaraş Teymur Qəribovdur. Tədbirdə əməkdar artistlər Elza Seyidcahan, Rəşad İlyasov öz mahnıları ilə tədbiri daha da rövnəqləndirdilər.Sonda xatirə şəkli çəkdirildi.

“Cabir Novruz” Mədəniyyət Fondu Mətbuat xidmətinin rəhbəri, AJB-nin üzvü, Elşad Qasımov