Cəfər Cabbarlı – 120

 

Siyəzən şəhərində «Həyat, söylə, sən kiminsən?» adlı ədəbi-bədii tədbir keçirilmişdir

Siyəzən Rayon İcra Hakimiyyəti və «Cabir Novruz Mədəniyyət Fondu»-nun birgə təşkilatçılığı ilə Siyəzən şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı-dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzdülər. Sonra qonaqlar və tədbir iştirakçıları Siyəzən şəhərindəki 1 saylı tam orta məktəbin həyətində ucaldılmış Cəfər Cabbarlının abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Tədbir Siyəzən Şəhər Mədəniyyət Mərkəzində davam etdi. Tədbir zamanı Asəf Zeynallının «Ölkəm» romansı səsləndi. Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov gələn qonaqları və tədbir iştirakçılarını salamladı və tədbirin aparıcısı, respublikanın Əməkdar artisti Azad Şükürova çıxış üçün söz verdi. Azad Şükürov öz növbəsində tədbirə toplaşanları salamladı. Tədbirdə Xalq artisti Teyyub Aslanovun ifasında «Onu demə, zalım yar» mahnısı ifa olundu. Tədbirdə Azərbaycan Respublikası AMEA-nın ədəbiyyat institutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Məmməd Əliyev «Cəfər Cabbarlının ədəbiyyatımızda rolu və mövqeyi», filologiya elmləri doktoru, professor Rəhim Əliyev «Cəfər Cabbarlının milli hərəkatda iştirakı», filologiya elmləri doktoru, professor Tahirə Məmməd «Cəfər Cabbarlı yaradıcılığının görünməyən tərəfləri» filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu «Cəfər Cabbarlının poeziyası, hekayələri və müasir zamanla əlaqəsi» mövzusundakı çıxışları alqışlarla qarşılandı. Tədbirdə respublikanın Əməkdar artistləri Rəşad İlyasov («Azad bir quşdum»), Elza Seyidcahan («Gözəllik»), müğənnilərdən Şahin İsmayılov («Xalq Heydər söyləyəcək»), Nadir Qafarzadə («Həyat, söylə, sən kiminsən?»), Mehri Əsədullayeva («Tellər oynasın») mahnıları alqışlarla qarşılandı.
Tədbir iştirakçıları monitorda Cəfər Cabbarlının həyat yolu və fəaliyyətindən bəhs edən, həmçinin ulu öndər Heydər Əliyevin iştirakı ilə Cəfər Cabbarlının heykəlinin açılışından fraqmenti izlədilər. Xalq artisti Alim Qasımovun ifasında «Ana» mahnısı video-çarxda nümayiş olundu. Ustad sənətkar, tanınmış qarmon ifaçısı Nizami Əsgərovun ifasında C.Cabbarlının sözlərinə bəstələdiyi «Turan ellərinə salam» mahnısı ifa olundu.
Sonda C.Cabbarlının nəvəsi Bəhlul Abbasov çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzova, «Cabir Novruz Mədəniyyət Fondu»-nun prezidenti, professor Cavanşir Qurbanova, tədbirin təşkilatçılarına və iştirakçılarına öz ailəsi adından minnətdarlığını bildirdi.
Tədbirdə Xalq artistlərindən Şəfiqə Eyvazova, Arif Əsədullayev, Əməkdar müəllim Nəcməddin Mürvətov, elm, mədəniyyət, KİV nümayəndələri iştirak etmişlər.

«Cabir Novruz Mədəniyyət Fondu mətbuat xidmətinin rəhbəri, AJB-nin üzvü Elşad Qasımov