Hər il iyunun 5 – də ölməz şairimiz Mikayıl Müşfiqin doğum günü qeyd olunur. Həm də bu gün Azərbaycanda şairlər günü də qeyd olunur. Bakı şəhərinin Yasamal rayonunda Mikayıl Müşfiqin abidəsinin yenidən bərpası hər bir sakinini son dərəcədə sevindirdiyi kimi Müşfiq sevərləri daha çox sevindirdi. Yasamal rayonunda yerləşən Mikayıl Müşfiqin abidəsi önünə gəldikdə bunun əvvəlkindən də yaxşı vəziyyətdə qoyulduğunun bir daha şahidi olduq.  Abidənin ətrafı əvvəlkindən də fərqli olaraq öz əzəməti ilə seçilir.

“ Cabir Novruz” Mədəniyyət fondunu üzvləri və Müşfiq sevərlər səhər saatlarında abidə önünə tər qərənfillər düzdülər. Sonra tədbir iştirakçılarının maşın karvanı Xızı rayonunun Müşfiq ocağına yola düşdü. Xızı rayonunda Müşfiq sevərləri Xızı rayon icra hakimiyyətinin məsul işçiləri, rayon sakinləri mehribanlıqla qarşıladı və ənənəvi olaraq dahi Mikayıl Müşfiqin abidəsi önünə qərənfillər düzdülər. Tədbir iştirakçıları Xızı rayonunda  Heydər Əliyevin abidəsi  önünə də qərənfillər düzdülər. Dahi öndər Heydər Əliyevin adını daşıyan mərkəzdə Xızı rayon icra hakimiyyətinin və “ Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin 109 illiyinin bədii hissəsi başladı. Tədbiri giriş sözü ilə açan əməkdar artist Azad Şükürov Müşfiq poeziyasından, onun yaradıcılığından ətraflı söz açdı. Tədbirdə çıxış edən Xızı rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadə ölməz şairimiz Mikayıl Müşfiqin keçdiyi qısa ömür yolundan, onun poeziyasından söz açdı.

“ Cabir Novruz” Mədəniyyət fondunun  təsisçisi Müşfiq Cabiroğlu, şairə, “ Şöhrət” ordenli Ofelya Babayeva, professor Buludxan Xəlilov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, “Cabir Novruz “ Mədəniyyət fondunun vitse prezidenti, əməkdar müəllim, 1 saylı Siyəzən şəhər tam orta məktəbin direktoru Nəcməddin Mürvətov, şairlərdən Ağasəfa, Musa Ələkbərli, Adil Baybəyim və digər  natiqlər çıxış edərək Mikayıl Müşfiq yaradıcılığından onun qısa ömür yolundan danışdılar.

“ Cabir Novruz” Mədəniyyət fondunun prezidenti, professor Cavanşir Qurbanov çıxış edərək fondun adından Sumqayıt regional mədəniyyət və Turizm idarəsinin Xızı rayonu üzrə baş məsləhətçisi Mönsün Bağırova və Müşfiq muzeynin direktoru Orxan Əzimova fəxri diplom digər iki əməkdaşa isə qiymətli hədiyyələr təqdim etdi. Mədəniyyət və incəsənət ustalarının ifasında Mikayıl Müşfiqin sözlərini bəstələnmiş mahnıları xalq artisti Zaur Rzayev, ustad xanəndə Mirməmməd Mircabadov, gənc ifaçılardan Çinarə Məlikzadə, Aynur Əhmədzadə eləcə də  ustad qarmon ifaçısı Nizami Əsgərovun ifa etdiyi musiqi nömrəsi alqışlarla qarşılandı. Tədbir musiqi sədaları altında sona yetdi.

 

Günay Novruz