Mikayıl Müşfiqin 110 illiyi Siyəzən rayonunda da qeyd edildi

Mikayıl Müşfiqin 110 illiyi Siyəzən rayonunda da qeyd edildi

 

Siyəzən rayon mədəniyyət mərkəzində ölməz şairimiz Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş, ədəbi-bədii gecə keçirildi. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər. Sonra ölməz şairimiz Mikayıl Müşfiqin abidəsini də ziyarət edərək önünə gül dəstəsi qoydular. Tədbir mədəniyyət sarayında davam etdi. Tədbiri Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açaraq, cənab prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladığı haqqında məlumat verdi və qeyd etdi ki, Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, ən istedadlı şairlərdən biridir. Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin yenilməzliyi insan ürəyində bir coşqu oyadır. Tədbirin aparıcısı şair Nəcməddin Mürvətov Mikayıl Müşfiq yaradıcılığı barədə məlumat verdi və sözü filologiya elmləri doktoru, professor Məmməd Əliyevə verdi. Professor Məmməd Əliyev Mikayıl Müşfiqin keçdiyi əzablı ömür yolundan, onun yaradıcılığından ətraflı söz açdı. Tədbirdə filologiya elmləri doktoru, professor Tahirə Məmməd, professor Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, əməkdar jurnalist Qafar Əsgərzadə, Mədəniyyət Nazirliyinin əməkdaşı Sənan Talıbov, şairlərdən Musa Ələkbərli, Əlirza Xələfli, həvəskar şairə əslən Siyəzən rayonundan olan Meyvə Allahyar qızı çıxış etdilər. Video-çarxda SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Çingiz Abdullayev Mikayıl Müşfiq haqqında söylədikləri fikirlər nümayiş olundu. Əməkdar artist Hüsniyyə Mürvətova “yenə o bağ olaydı” şeirini söylədi. “Arzu” instrumental ansambılının ifasında gənc müğənni Əli Muradov “yenə o bağ olaydı” mahnısını böyük şövqlə ifa etdi. Əməkdar artistlərdən, Elza Seyidcahan, Rəşad İlyasov Müşfiqin sözlərinə bəstələnmiş mahnılar ifa etdilər. Musiqişünas Abbasqulu Nəcəfzadənin üçlüklə ifasında gənc xanəndə Mirələm Mirələmovun oxuduğu muğam parçası tədbiri daha da rövnəqləndirdi. Tədbirin sonunda “Cabir Novruz” mədəniyyət fondunun prezidenti, professor Cavanşir Qurbanov fondun fəxri diplomlarını Xaçmaz Rİ-rəisi Nazim Ağayevə, tanınmış rəssam Minayə Dəyanət qızına,  şair Nəcməddin Mürvətova təqdim etdi. Filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu 60 illik yubileyi ilə əlaqədar fondun xatirə medalı ilə təltif olundu. Mərasimdə xalq artistləri, Şəfiqə Eyvazova, Arif Əsədullayev, Ramiz Məmmədov, professor Zamiq Əliyev, əməkdar artist Faiq Əlibalayev, Yasamal “Qadınlar Şurasının” sədri Gülnarə Əmirquliyeva, KİV nümayəndələri iştirak edirdilər. Sonda xatirə şəkli çəkildi.

 

                    Elşad Dağlı  (Qasımov)   

 

gunay novruz