«Cabir Novruz» Mədəniyyət Fondunda şair Vüqar Xızılının 50 illik yubileyi və kitabının təqdimatı keçirilmişdir. Tədbiri «Cabir Novruz» Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov açaraq Vüqar Xızılının həyat və yaradıcılığından ətraflı söz açdı. O, qeyd etdi ki, Vüqar Xızılının mövzu dairəsi genişdir: ana təbiətin gözəllikləri, Vətənin müqəddəsliyi, lirik məhəbbət duyğuları, ayrı-ayrı insanlara həsr etdiyi şeirləri diqqəti cəlb edir. Vüqar bir qələm sahibi kimi vətənpərvərdir. O, əsl vətəndaş qeyrəti ilə xalqımızın ağrı-acılarını, dərd-sərini öz şeirlərində tərənnüm etmişdir. Vüqarın şeirləri Xızı təbiətinə bənzəyir: saf dağ havası, büllur çeşmələr, əlvan güllü-çiçəkli çəmənlər, sıx-sıx ağaclardan ibarət meşəlik, … Heç təsadüfən də o «Xızılı» təxəllüsünü götürməyib. Bu təxəllüs Vüqara çox yaraşır.
Tədbirdə filologiya elmləri doktoru, professor Məmməd Əliyev, professor Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Mədəniyyət Nazirliyinin əməkdaşı Sənan Talıbov, veteran idmançı Adil Sadıxov, jurnalist Elşad Qasımov və başqaları çıxış edərək yubilyarı təbrik etdilər və ona gələcək işlərində uğurlar dilədilər. Həmçinin tədbirdə ustad sənətkar, mahir qarmon ifaçısı Nizami Əsgərovun çıxışı tədbir iştiraçılarını rövnəqləndirdi.
Sonda Vüqar Xızılı çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına öz dərin minnətdarlığını bildirdi. Daha sonra isə yazdığı şeirlərindən parçalar söylədi.
Elşad Dağlı, «Cabir Novruz» mədəniyyət fondunun mətbuat xidmətinin rəhbəri, AJB-nin üzvü